DÜNYA


Dünyanın e-ticarət nəhəngləri Antalyada bir araya gəlib VİDEO

İstanbul, 30 mart, AZƏRTAC

Türkiyənin e-ticarət ekosisteminin ən böyük toplantısı olan “World Ecom Event” Antalyada işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Beynəlxalq Elektron İxrac Platforması-WORLDEF” tərəfindən təşkil olunan tədbir Türkiyənin Ticarət Nazirliyinin dəstəyi ilə reallaşır.

Tədbirdə dünyanın 35 ölkəsindən 1500 nəfərədək nümayəndə iştirak edir.

Açılış mərasimində çıxış edən WORLDEF-in prezidenti Ömər Nartın tədbirdə iştirak edən şirkətlərin qlobal e-ticarət bazarındakı ümumi payının təxminən 150 milyard ABŞ dolları olduğunu bildirib.

Qeyd edilib ki, üç gün davam edəcək tədbirdə iştirakçılar arasında əməkdaşlıq imkanları qiymətləndiriləcək, 25 minədək ikitərəfli görüş keçiriləcək.

Gələn il Antalyada keçiriləcək növbəti tədbirin qlobal xarakter alması, iştirakçı sayının isə beş minədək yüksəlməsinin gözlənildiyini deyən Ömər Nartın bu rəqəmin beş il sonra 100 minədək çıxacağını ehtimal etdiklərini bildirib.

Onun sözlərinə görə, bu platforma üzrə ilk qlobal görüş bu ilin 25-26 oktyabr tarixlərində Londonda keçiriləcək. Tədbirə təxminən 300 şirkət və mindən artıq iştirakçı qatılacaq, eləcə də Avropa e-ticarət ekosisteminin bütün maraqlı tərəfləri bu tədbirdə görüşəcək.

Türkiyənin Elektron Ticarət Operatorları Dərnəyinin (ETİD) prezidenti Emre Ekmekçi bildirib ki, ETİD qurulduqda Türkiyə üzrə ümumi ticarətdə e-ticarətin payı təxminən 0,2-0,3 faiz olduğu halda hazırda bu rəqəm orta hesabla 16 faizə çatıb.

Toplantıya videomüraciətlə qatılan Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri İsmail Gülle keçən il qlobal e-ticarət istifadəçilərinin sayının üç milyardı keçdiyini bildirib.

Qeyd edilib ki, bu istehlakçıların xərcləri 4,9 trilyon dollar olub. Son beş ildə Türkiyədə e-ticarətin həcmi dörd dəfə artıb. Ölkənin 2020-ci ildə 225 milyard türk lirəsinə çatan ümumi e-ticarət həcmi 2021-ci ilin ilk yarısında sürətlə artmağa davam edib.

Açılış mərasimindən sonra keçirilən mətbuat konfransında Londonda keçiriləcək tədbir haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, tədbirdə ölkəmiz e-ticarət sahəsi üzrə özəl şirkətlər tərəfindən təmsil olunur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.