CƏMİYYƏT


Dünyanın ən gözəl məscidləri bir kitabda

Bakı, 29 noyabr, AZƏRTAC

Dizayner Leyla Uluxanlının yenicə çapdan çıxmış kitabında İslam memarlığının möhtəşəmliyi göstərilib.

AZƏRTAC “İslamosfera” saytına istinadla xəbər verir ki, məsciddə olmaq bütün dinlərin nümayəndələri üçün həmişə böyük həyəcandır. Əlbəttə, etiqad mühüm rol oynayır, amma axı müsəlman olmayanlar da bu monumental tikililərin mürəkkəb forma və detallarının cazibəsinin, mehrab və minarələrin xətlərində, habelə onlar arasındakı məkanlarda kölgə-işıq oyununun təsiri altına düşürlər. Leyla Uluxanlı “Məscidlər: İslamın möhtəşəmliyi” kitabında yazır ki, məscidlər arxitekturanın yaradıcı imkanlarının ideal ifadə vasitəsidir.

Dubayda çapdan çıxan bu kitabda estetik zövq bəxş edən onlarca fotoşəkillə yanaşı, VII əsrdən zəmanəmizə qədər məscidlərin təkamülünü izləyən aparıcı İslam ekspertlərinin on essesi təqdim edilib. Kitabın bölmələri məscid dizaynının qaynaqlarından tutmuş bu binalarda mühafizə olunan müqəddəs obyektlərə qədər müxtəlif məsələlərin geniş spektrini əhatə edir. Məscidlər qlobal fenomendir: Leyla Uluxanlının kitabında Şimali Afrika, İspaniya, Hindistan, Pakistan, Rusiya, Qafqaz və bir çox digər yerlərin məscidlərini görmək olar. Oxucunun kitabın səhifələrində üzləşdiyi forma, perspektiv və boyaların müxtəlifliyi təxəyyülü heyrətləndirir. Budur İranın İsfahan şəhərindəki İmam məscidinin günbəzinin içərisində çəkilmiş foto. Burada lacivərdi, sarı və yaşıl rəngli lövhələr parlaq çiçək naxışı əmələ gətirir. Bunlar isə Hindistanın Uttar-Pradeş ştatında, Fatehpur Sikri şəhərindəki Cami məscidinin qırmızı rəngli qumdaşından sütunlarıdır.

Moskvadan olan inteyner diyazneri Leyla Uluxanlı sovet dövründə Bakıda anadan olub və burada böyüyüb. O dövrdə Bakıda məscidlər olsa da, o, dini şəhər deyildi. Nəticədə Leyla Uluxanlının məscidlərə marağı həmişə ilk növbədə vizual xarakter daşıyıb və kitabında da məhz bunu göstərməyə çalışıb.

L.Uluxanlı deyib: “Məscidləri unikal edən budur ki, onlarda heykəlcik və təsvirlər yoxdur. Rəssamlar başqa mədəniyyətlərdə və dinlərdə istifadə olunan obrazlardan imtina edərək, insanları həndəsi naxış və ornamentlərin köməyi ilə ruhlandıra və onlarda Ulu Yaradana dərin etiqad hissləri oyada bilirlər. Təsvir vasitələri növlərinin məhdud olmasına baxmayaraq, məscidlərin möhtəşəmlik effekti təkzibolunmazdır.

Bununla belə, arxitektorların bu effektə nail olmalarına kömək edən üsullar inkişaf etməkdədir. Kitabın son bölməsi doqquz müasir tikiliyə həsr olunub. İncəsənət və arxitekturaya dair yüzdən çox kitabın müəllifi Filip Cordido yazır: “Müasir məscidlər tarixi eklektikadan tutmuş demək olar ki, tam abstraksiyaya qədər bütün formaları qəbul edir. Onlar çox vaxt cəmiyyətdə İslamın müasir dəyərini təsdiq etmək arzusunun qüvvətləndirdiyi ənənə və müasirliyin maraqlı kəsişmə nöqtəsini nümayiş etdirir”.

Bu deyilənlər Əbu-Dabidə tikintisi 2007-ci ildə başa çatmış Şeyx Zayed Məscidində daha qabarıq əldə olunub. Leyla Uluxanlı yazır: “Şeyx Zayed Məscidi kitabda təqdim olunan az sayda müasir məscidlərdən biridir. Bu məscid dünyanın ən gözəl məscidlərindəndir. Biz onu çox böyük olduğuna və unikal arxitekturasına görə seçdik. Burada hər şey - ağ daşdan hörgü, ornamentlər və s. qeyri-adidir”.

Leyla Uluxanlının fikrincə, kitabın ən vacib missiyalarından biri bundan ibarətdir ki, o, arxitektura vasitəsilə insanları birləşdirməyə qadirdir. O deyib: “Mən göstərmək istəyirəm ki, bu arxitektura dünyaya məxsusdur və onu din çərçivəsindən kənarda da nəzərdən keçirmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.