DÜNYA


Dünyanın ən yaşlı adamı 119 yaşını Yaponiyada qeyd edib

Tokio, 3 yanvar, AZƏRTAC

Dünyanın ən yaşlı adamı hesab edilən xanım Kane Tanaka yanvarın 2-də Yaponiyanın cənub-qərbində 119 yaşını qeyd edib.

AZƏRTAC xəbər verir ki, 1903-cü il yanvarın 2-də Fukuoka prefekturasında anadan olan K.Tanaka Meyci, Tayşyo, Syova, Heysey və hazırda davam edən Reyva dövrlərində yaşayıb. Ailə üzvlərinin bildirdiyinə görə xanım K.Tanaka 120 yaşını da qeyd etmək niyyətindədir.

K.Tanaka 2019-cu ilin martında “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən yaşlı sakini elan edilib.

Fukuokadakı ahıllar evində yaşayan K.Tanaka buradakı personalla işarələr vasitəsilə ünsiyyət saxlayır və rəqəmli tapmacalar həll etməyi xoşlayır. Onun şokoladı və qazlı içkiləri də çox sevdiyi bildirilir. Ötən ilin sentyabrında Ahıllar Günündə Fukuokanın qubernatorunun ona gül dəstəsi göndərməsindən çox xoşbəxt olduğunu da işarələrlə ifadə edib.

Doqquz bacı və qardaşın sayca yeddincisi olan K.Tanaka 19 yaşında ailə həyatı qurub. Əri və böyük oğlu 1937-ci ildə başlayan İkinci Yaponiya-Çin müharibəsinə yollandıqdan sonra ailəsini özünün idarə etdiyi lapşa yeməkxanası vasitəsilə dolandırıb.

Hazırda koronavirus pandemiyası davam etdiyinə görə K.Tanakaya ailə üzvləri ilə görüşməyə icazə verilmir. Lakin 62 yaşlı nəvəsi Eyci yaxın vaxtlarda nənəsini ziyarət edəcəyini vəd edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.