SİYASƏT
Dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” kampaniyası keçirilir
Bakı, 23 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra ölkələrdə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.
Vilnüs, Ciddə və Tel-Əvivdə Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” sənədli filminin və Litva, Səudiyyə Ərəbistanı və İsrail ictimaiyyəti üçün “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilmişdir. Yaxın günlərdə müvafiq tədbirlərin Berlin, Vyana, Moskva, Tallin və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulmuşdur. Kampaniya çərçivəsində bu ölkələrdə yerli siyasi və ictimai xadimlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, İslam Əməkdaşlıq Təşkilatının bu ilin fevralında Misirin paytaxtı Qahirədə keçirilən dövlət başçılarının zirvə görüşündə də Xocalı faciəsi kütləvi soyqırımı kimi qiymətləndirilmişdir.
Bu tədbirlər Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilir. Hazırda faciəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.