SİYASƏT


Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər

Bakı, 28 dekabr (AZƏRTAC). Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yakaterinburq və s. şəhərlərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Ümumrusiya Azərbaycan Konqresi və digər Azərbaycan təşkilatlarının dəstəyi ilə keçirilən konfrans, “dəyirmi masa” və seminarlarda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə ətraflı məlumat verilir, bu tarixin xarici ölkələrdə yaşayan həmvətənlərimizin birliyinin möhkəmlənməsindəki rolu qeyd olunur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Moldovada da keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Ukraynanın iki şəhərində - Kiyev və Donetskdə geniş qeyd olunmuşdur. Kiyevdəki Azərbaycan bazar günü məktəbində peşəkar və gənc artistlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı konserti təşkil edilmişdir.

Donetskdə isə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycan Televiziyasının təşəbbüsü ilə dünya azərbaycanlıları üçün əlamətdar olan bu gün münasibətilə muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti keçirilmişdir. Bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət administrasiyasının rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycanın Xarici İşlər Nazirliyinin, Ukraynadakı səfirliyimizin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, diasporun fəalları iştirak etmişlər. Tədbirdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycan diaspor hərəkatının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.

Avropanın ayrı-ayrı ölkələrində də, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Tədbirlərdə 31 dekabr tarixinin doğma Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.

Berlində “Azərbaycan günü” adlı tədbirdə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verərək, 31 dekabrın dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımızın bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulamışdır. Tədbirdə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Almaniyanın Maqdeburq, Köln şəhərlərində də keçirilmişdir.

İtaliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti olmuşdur. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə gənc italyan ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış etmişlər. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri olan Nəzakət Nuriyeva iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat vermişdir. Tədbirin sonunda qonaqlara Azərbaycan şirniyyatı və ölkəmiz haqqında italiyan dilində çap olunmuş jurnal və kitablar təqdim edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü İsveçrədə yaşayan azərbaycanlılar da qeyd etmişlər. Bazel şəhərində “Azərbaycanın dostları” birliyinin təşəbbüsü ilə keçirilən bayram konsertində qonaqlara azərbaycanlılar üçün əlamətdar olan bu tarixi gün barədə məlumat verilmiş, səsləndirilmiş Azərbaycan musiqiləri qonaqları valeh etmişdir.

Niderlandda yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dekabrın 31-də Rotterdam şəhərindəki “Bakı” restoranında azərbaycanlı ifaçıların çıxışları nəzərdə tutulmuş konsert proqramı ilə qeyd edəcəklər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, BƏƏ və Küveytdə də qeyd olunur.

Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti vurğulanmış, Azərbaycan və Gürcüstanın dost və qardaş ölkələr olması vurğulanmışdır. Tədbirdə hər iki ölkənin üzləşdiyi separatizmə qarşı birgə mübarizə aparılması üçün iki xalq arasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Türkiyədə İstanbul-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışılmış, Azərbaycan və türk xalqlarının həmrəyliyinin möhkəmlənməsində “Bir millət – iki dövlət” prinsipini irəli sürmüş ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğu vurğulanmışdır.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin Dubayda keçirdiyi tədbirdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qonaqlara ətraflı məlumat verilmiş, ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsindən sonra dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların özlərinin bu millətin nümayəndəsi olmaları ilə daha böyük iftixar və qürur hissi ilə bəyan etməyə başladıqları qeyd edilmişdir.

Dekabrın 31-də Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti və Azərbaycan bu ölkədəki səfirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir keçiriləcəkdir. Küveytdə yaşayan azərbaycanlıların, türklərin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunacaqdır. Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidməti barədə məlumat verəcəklər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər ABŞ, Kanada da keçirilmişdir. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan icma təşkilatları Nyu-Yorkda bu əlamətdar tarixi təntənəli şəkildə qeyd etmişlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuş, daha sonra iştirakçılara 20 illik müstəqillik dövründə Azərbaycanda əldə edilən uğurlar, aparılan islahatlar haqqında ətraflı məlumat verilmişdir.

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin təşəbbüsü ilə təşkil olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə təhsil ocağının şagirdləri tərəfindən Azərbaycan haqqında şeirlər oxunmuş, mahnılar ifa edilmişdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.