CƏMİYYƏT


Dünyanın təxminən 40 ölkəsi Çinin COVID-19 peyvəndlərini sifariş edib

Pekin, 15 fevral, AZƏRTAC

Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti məlumat yayıb. Bildirilir ki, Çinin "Sinopharm", "Sinovac" və "CanSinBio" şirkətlərinin COVID-19 əleyhinə peyvəndləri həm ölkə daxilində istifadə olunur, həm də xaricə ixrac edilir. Çin peyvəndlərini fövqəladə istifadə üçün təsdiq edən ölkələrdən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya, Braziliya və s. artıq bu peyvəndlərdən istifadəyə başlayıb. Bir neçə ölkə isə Çin şirkətləri ilə peyvənd alınması üçün müqavilələr bağlayıblar. Çin tərəfi bəzi ölkələrə müəyyən miqdarda vaksinləri hədiyyə formasında təqdim edib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə olunur.

"Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan peyvəndlər təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi haqqında geniş məqalə yayaraq, COVID-19-a yoluxma riski yüksək olan 60 yaşdan yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı olduğunu bildirib. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir. Adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.