CƏMİYYƏT
“Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və SOCAR-ın tərkibindəki "SOCAR-KBR" MMC-nin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, şirkətin baş menecerinin müavini Nazim Qasımov, eləcə də müəssisənin əməkdaşları iştirak ediblər.
Tədbirin maarifləndirici xarakter daşıdığını bildirən S.Heydərov bu cür görüşlərin cəmiyyətin bütün təbəqələrini, xüsusilə ali və orta məktəbləri, strateji əhəmiyyət kəsb edən idarə və müəssisələri, hərbi hissələri, cəzaçəkmə müəssisələrini əhatə etdiyini bildirib. Sədr müavini deyib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti, xüsusilə gəncləri dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların respublikamıza ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir.
Azərbaycanın uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan respublika kimi tanındığını bildirən sədr müavini dövlət tərəfindən dini təhlükəsizlik məsələsinə böyük önəm verildiyini, bu istiqamətdə ciddi addımlar atıldığını bildirib. S.Heydərov ölkəmizin mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin etdiyini və bu siyasətin hazırkı dövrdə davam etdirilməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan komitənin sədr müavini radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edib. O, həmçinin xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda, bunların qarşısının alınması yollarından söz açıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.