SİYASƏT
Düşənbədə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçiriləcəkdir
Düşənbə, 16 mart (AZƏRTAC). Düşənbədə 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasim keçiriləcəkdir.
Xarici ölkələrin Düşənbədəki səfirliklərinin əməkdaşlarının, diasporumuzun üzvlərinin və jurnalistlərin iştirak edəcəkləri mərasimdə Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev soyqırımla əlaqədar geniş məlumat verəcək, son illərdə ermənilərin Azərbaycan ərazilərində törətdikləri tettorçuluq əməllərindən söhbət açacaqdır.
Mərasim çərçivəsində soyqırımla əlaqədar Düşənbədə rus dilində buraxılmış “Tarixi xalqın yaddaşından silmək olmaz” kitabçasının təqdimatı da olacaqdır. Bu kitabça Tacikistanın dövlət qurumlarına, paytaxtdakı səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriləcəkdir.
Səfirliyimizin müşaviri İlham Zamanov bildirmişdir ki, cəbhə bölgəsində erməni snayperinin qətlə yetirdiyi doqquz yaşlı azərbaycanlı Fariz Bədəlov ilə əlaqədar səfirlikdə xüsusi məlumatlar da hazırlanır. Bu məlumat da yaxın günlərdə Düşənbədəki səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndəriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə