CƏMİYYƏT
Düşənbədə Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın sessiyası keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Düşənbədə Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın XII sessiyası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiyada Dövlətlərarası Şuranın üzvləri bundan əvvəlki sessiyanın qərarlarının yerinə yetirilməsi gedişini və bəzi ixtisaslaşdırılmış qrupların mövsümlərarası dövrdə işinin nəticələrini müzakirə ediblər. Məsələn, məkan məlumatlarının infrastrukturu, koordinat sistemləri və yüksəkliklər, coğrafi adlar, “Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması sahəsində tətbiq edilən müasir terminlər lüğəti”nin hazırlanması üzrə işçi qrupların fəaliyyəti müzakirə edilib.
Coğrafi məkan informasiyasının idarə edilməsi və MDB üzvü olan dövlətlərin peşəkar əmək bazarında geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması sahəsində əlavə peşə təhsili haqqında sənədlərin serfitikatlaşdırılması və leqallaşdırılması barədə təkliflər hazırlanması üzrə işçi qrupların nümayəndələri də öz fəaliyyətləri barədə Şura üzvlərini məlumatlandırıblar.
Bundan əlavə, iclasda MDB-nin baza təşkilatı olan Moskva Dövlət Geodeziya və Xəritəçəkmə Universitetinin fəaliyyətinin nəticələri nəzərdən keçirilib. Görüş iştirakçıları öz sahələrində ən yaxşı təcrübə və innovasiyaları mübadilə ediblər.
Şuranın sessiyasının işində iştirak edən yüksək ixtisaslı mütəxəssislər, dövlət orqanlarının və elmi ictimaiyyətin nümayəndələri qarşıya qoyulmuş məsələlərin həllinə elmi-texniki və təşkilati-hüquqi yanaşmaların unifikasiyası üçün zəruri addımlar barədə geniş fikir mübadiləsi aparıblar. Bu, Birlik ölkələrinin müvafiq xidmətlərini və dövlət strukturlarının fəaliyyətini optimallaşdırmağa imkan verəcək.