MƏDƏNİYYƏT


Düşənbədə İmadəddin Nəsiminin və Cəlil Məmmədquluzadənin tacik dilində çap edilən kitablarının təqdimatı olub

Düşənbə, 25 noyabr, AZƏRTAC

Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə ölkənin Milli Kitabxanasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin tacik dilində çap olunan “Nəsiminin Divanı”, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistandakı səfirimiz Həsən Məmmədzadə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik, bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib, onun Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğunu qeyd edib. Səfir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, həmçinin bu il Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış böyük yazıçı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar müxtəlif silsilə tədbirlərin keçirilməsi barədə məlumat verib.

“Nəsiminin Divanı” kitabını tacik dilinə tərcümə edən araşdırmaçı-alim Qurban Vosi İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi söz ustalarından biri olduğunu bildirib, onun Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığını və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratdığını qeyd edib.

Tacikistanın Xalq şairi Gülhüsar Səfiyeva Nəsimini Azərbaycan xalqı tərəfindən bütün Şərq dünyasına verilən bir hədiyyə kimi qiymətləndirib, şairin kitabının tacik dilinə tərcüməsi və nəşrinə görə təşəkkür edib.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı hekayələr toplusunun tacik dilinə tərcümə olunmasında yaxından iştirak etmiş Tacikistan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, professor Məhəmmədsalam Maxşulov “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi olan Mirzə Cəlilin həyatı və mühiti, zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə kitablarla yanaşı, il ərzində İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusunun dərc olunduğu “ADAB” və “Sədai Şərq” jurnallarıda çap edilən məqalələr də iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində Tacikistan Dövlət Dillər Universitetinin tələbələri İmadəddin Nəsiminin və Cəlil Məmmədquluzadənin yaradıcılığından qəzəllər və hekayələr səsləndirib, Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusufun “Sığmazam” adlı kompozisiyası tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.