İQTİSADİYYAT


Mərkəzi Bank: Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli saxta məlumat yayılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə erməni vandallarından təmizləyir və şanlı bayrağımız artıq azad edilmiş şəhər, qəsəbə və kəndlərimizdə dalğalanmaqdadır. Bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq çıxış yolunu müxtəlif xarakterli təxribatlarını davam etdirməkdə görür.

Azərbaycan Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, növbəti dəfə düşmən tərəfindən Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılıb. Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edir ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməsinlər və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alsınlar.

Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir. Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.