REGİONLAR


Düşmən maneələrini yararaq yol açarkən bir ayağını itirən istehkamçı qazi evinə dönüb VİDEO

Beyləqan, 1 dekabr, AZƏRTAC

Vətən müharibəsində düşmən maneələrinin yarılaraq yolların açılmasında istehkamçı hərbçilərimizin əvəzsiz xidməti var. Belə istehkamçılardan olan Ceyhun Camalov döyüşlər vaxtı minaya düşərək ayağını itirib. Qazimiz müalicəsini tamamlayaraq evinə dönüb.

AZƏRTAC xəbər verir ki, Beyləqandan olan istehkamçı qazi Ceyhun Camalov öz rayonuna dönərkən alqışlarla qarşılanıb. Öncə Şəhidlər xiyabanına üz tutan qazimiz abidə önünə gül-çiçək düzərək şəhidlərimizin xatirəsini yad edib. Evinə qayıdan qalib qazini ailəsi sevinc göz yaşları ilə qarşılayıb.

Vətən müharibəsində 31 günlük döyüş yolu keçən qazimiz düşmən sədlərinin maneələrinin, həmçinin minalanmış ərazilərin yarılaraq yol açılmasında bir çox xidmətləri olub. Qazi Ceyhun Camalov söyləyir ki, 30 ilə yaxın ərazilərimizi zəbt edən ermənilər bir çox maneələr yaratmışdı. Buna baxmayaraq, güclü ordumuz əks-həmlə ilə o maneələri qısa müddətdə dəf edərək keçdi. Bizim işimiz isə həmin ərazilərdən keçid üçün hərbçilərimizə təhlükəsiz yol açmaq idi. İlk xidmətimiz Füzuli-Cəbrayıl istiqamətindən başladı. Düşmən geri çəkildikcə körpüləri partladırdı. Bundan başqa bizim texnikaların keçməsini əngəlləmək üçün dərin xəndəklər qazılmışdı. Biz həmin ərazilərdən maneələri yararaq yollar açırdıq. Əsasən cənub istiqamətində o yerləri dəf edib ordumuzun hərəkətini təmin edirdik. Qubadlı istiqamətində Həkəri çayı üzərində əlverişli körpünü də düşmən partlatdı. Çayın içərisindən yol açmaq üçün əraziyə baxmağı qərara aldıq. Həmin ərazidə isə minaya düşdüm. Məni döyüşçü yoldaşım Rövşən xilas etdi. İlkin tibbi yardım göstərildikdən sonra hospitala göndərildim. Bir ayağımı itirməyimi, bütün acılarımı qələbə sevinci ilə unutdum. Vətənimiz üçün canımdan da keçməyə hazıram.

Ceyhunu xilas edən döyüşçü yoldaşı Rövşən İbrahimovun da əsas vəzifəsi düşmən maneələrin yarmaq olub. Rövşən deyir ki, hər birimizin bir amalı olub - canımız, qanımız bahasına olsa da, torpaqlarımızı düşmən tapdağından azad edək. Uzun illər biz bu günü gözləyirdik, hər zaman cəbhə istiqamətində işğal altındakı torpaqlarımızı gördükdə o yerləri düşməndən azad etmək inamı ilə yaşayırdıq. Nəhayət, o gün sentyabrın 27-də gerçəkləşdi. Bir çox maneələri yardıq. Qubadlı istiqamətində xidmətimizi yerinə yetirərkən Ceyhun olduğu yerdə partlayış eşitdim. Həmin ərazidə düşmən minaları ilə əhatəli idi. Amma öz döyüşçü yoldaşımı xilas etmək o əngəlləri mənə unutdurdu. Dərhal həmin əraziyə qaçdım. Ceyhunun bir ayağı çox ağır yaralanmışdı. Onu həmin ərazidən çıxardım və həkimlərimiz ona lazımi yardım göstərdi. Sonra o hospitala aparıldı. Bu qələbə bizlər üçün fəxrdir. Həm torpaqlarımızı azad etdik, həm də şəhidlərimizin qisasını aldıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.