REGİONLAR
Düşmən tapdağı altındakı torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Sumqayıt, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Sumqayıt şəhərində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, idmançılar və gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov taleyinə məcburi köçkünlük həyatı düşən qubadlılıları bayramlar münasibətilə təbrik edib. Bildirilib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində təxribat nəticəsində baş verən döyüşlər zamanı Milli Ordumuz düşmənə layiqli cavab verərək, Ermənistan ordusunun xeyli canlı qüvvəsini məhv edib, eyni zamanda, strateji yüksəklikləri geri qaytarıb. Bu, düşmən tapdağı altında qalan digər torpaqlarımızın da azad ediləcəyi günün uzaqda olmadığını göstərir.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə rayon üzrə 10 ailə yeni mənzillə təmin edilib, yüzlərlə ailənin məişət şəraitinin yaxşılaşdırılmasına nail olunub. Rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Vurğulanıb ki, rayonda Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanların anım mərasimləri, respublika və rayon əhəmiyyətli tədbirlər yüksək səviyyədə qeyd olunub. 2016-cı ildə aztəminatlı ailələr, şəhid ailələri diqqətdə saxlanılıb.
Sonra 2016-cı ildə beynəlxalq yarışlarda yer tutmuş idmançılara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Şaxta baba və Qar qız tədbir iştirakçılarına xoş arzularını çatdırıblar.
Bayram tədbiri konsert proqramı ilə davam edib.