REGİONLAR
Düşmən tapdağı altındakı torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil VİDEO
Sumqayıt, 29 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 29-da Qubadlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə, həmçinin “Bərgüşad” qəzetinin 80 illiyi də qeyd edilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Qubadlı sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Bildirib ki, 2017-ci il Azərbaycanın tarixinə uğurlu illərdən biri kimi yazıldı. Bu il respublikamızın regional və beynəlxalq nüfuzu daha da artıb, xalqımızın sosial rifah halı yüksəlib.
Malik İsaqov qeyd edib ki, məcburi köçkünlərə göstərilən dövlət qayğısının təzahürü olaraq, Sumqayıtda, Bakıda, Masazırda, Ramanada yeni şəhərciklərin salınması layihələri həyata keçirilməkdədir.
“Bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisi istismara verildi. Oktyabrın 5-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi açıldı. Bu il məktəbi bitirən 491 məzundan 419-u ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu və ürəkaçandır. İl ərzində Qubadlıda 205 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3758-ə çatdırılıb”, - deyə rayon icra hakimiyyətinin başçısı bildirib.
Tədbirdə çıxış edən qubadlılılar öz əzəli və əbədi torpaqlarına mütləq qayıdacaqlarına əminlik ifadə edib və o günün uzaqda olmadığını vurğulayıblar.
Bayram tədbirində bir qrup idmançıya əldə etdikləri uğurlara görə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Sonra incəsənət ustalarının ifasında bayram konserti olub.