REGİONLAR
Düşmənə qənim kəsilən və iki medalla təltif edilən şəhid Cavanşir Əzimov VİDEO
Beyləqan, 26 may, Aydın Yavərzadə, AZƏRTAC
Mülki həyatda hər zaman öz mərdliyi ilə seçilən Cavanşir Əzimov Vətən müharibəsində snayperçi olaraq düşmənə ağır zərbələr vurulmasında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Polad Həşimovu özünə ideal seçən Cavanşir Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Cavanşir Əzimov 1997-ci ildə mayın 23-də Beyləqan rayonu Birinci Şahsevən kəndində dünyaya göz açıb. Şəhid anası Cəmilə Rəhimova söyləyir ki, Cavanşir evin son beşiyi idi, hələ uşaq vaxtlarından hərbçi olmaq arzusu ilə yaşayırdı. Çılğın uşaqlıq illəri olub, yeniyetmə və gənc çağlarında belə kənddə hər kəsin sevgisini qazanıb. O, həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində dayandı. Vətən müharibəsində isə düşmən hücumunun qarşısının alınmasında şücaəti ilə seçildi. Cavanşir oxuduğu məktəbdə də hər kəsin sevgisini qazanmışdı. İndi onun adını daşıyan sinif də var. Mütəmadi olaraq məktəb kollektivi Cavanşirin xatirələri ilə dolu olan otağını ziyarət edir, şəhidin xatirəsi uca tutur.
Cavanşirin həqiqi hərbi xidmət vaxtı Aprel döyüşləri ərəfəsinə təsadüf edib. Elə vətən uğrunda döyüşmək sevincini həmin illərdə hiss edən Cavanşir qardaşı ilə əlaqə saxlayır ki, biz döyüşə yollanırıq, lakin qısa çəkən döyüşlərdə Cavanşir iştirak edə bilmir. Şəhidin qardaşı Cavid Əzimov bildirir ki, onun ən ülvi hisləri vətənlə bağlı idi. Ona görə də hərbçi olmağı seçdi. Döyüşlər başlamazdan əvvəl isə gizirlik kursunu bitirən Cavanşir snayperçi oldu. Döyüş yolu Füzuli istiqamətindən başlayan Cavanşir açdığı dəqiq atəşlərlə ermənilərin xeyli qüvvəsini məhv edib. Sonuncu dəfə qardaşının doğum günüdə zəng edən Cavanşir söyləyib ki, qələbə bizimdi, erməniləri torpaqlarımızdan qovuruq və hər şey yaxşı olacaq. Cavanşir oktyabrın 3-də gərgin döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Cavanşir Əzimov doğulub boya-başa çatdığı Birinci Şahsevən kəndində torpağa tapşırılıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin Azad edilməsinə görə” medalları ilə təltif edilib.