SİYASƏT


Düşmənin Gəncəyə xain hücumu: Terror aktları gəncəliləri, ümumiyyətlə, Azərbaycan xalqını qorxuda bilməz

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də gecə saatlarında bütün dünya Ermənistan silahlı qüvvələrinin, Paşinyan rejiminin növbəti terror aktının şahidi oldu. İkinci ən böyük şəhərimiz olan Gəncə gecə saat 01:00 radələrində xain düşmənin raket hücumuna məruz qaldı. Cəbhə zonasından kənarda yerləşən Gəncənin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İnsanların sıx məskunlaşdığı, heç bir hərbi obyektin yerləşmədiyi əraziyə raketlərin atılması əlbəttə ki, cinayətdir, terror aktıdır.

Gecə saatlarında evində yatan dinc sakinlərin, o cümlədən körpələrin, yaşlıların Paşinyanın əmri ilə qətlə yetirilməsinin məqsədi barədə kifayət qədər məlumat verilib. Təbii ki, əsas məqsəd döyüş meydanındakı uğursuzluqları ört-basdır etməkdir. Hər kəs Ermənistanın iqtisadi cəhətdən tənəzzülə uğradığını, bu ölkənin əhalisinin maddi vəziyyətinin acınacaqlı olduğunu bilir. Azərbaycanlılara qarşı törədilən bu terror aktları isə düşmənin mənəvi cəhətdən də kasad olduğunu bir daha bütün dünyaya göstərdi.

Dinc sakinlərə atəş açmağı uzun illərdir özünə rəva bilən Ermənistan ordusu bu gün aciz durumdadır. Böyük iqtisadi qüdrətə malik Azərbaycan dövləti və onun şanlı Ordusu düşmənin dərsini döyüş meydanında verir, onu silahını atıb qaçmağa vadar edir.

Gecə radələrində düşmənin törətdiyi bu vandal aktının cavabı isə dərhal verildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 17-də səhər saatlarında xalqa müraciət etdi, dövlətimizin başçısı müraciətində düşmənə döyüş meydanında layiqli cavab verdiyimizi vurğuladı və Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu, Ermənistana, onun rəhbərliyinin törətdiyi cinayətlərə ən tutarlı cavab oldu. Ardınca isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi döyüş meydanında düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikalarının məhv edilməsi anlarını əks etdirən videogörüntüləri yaydı. Bu görüntülər də Gəncə terroru qurbanlarının qanının yerdə qalmadığını bir daha əyani şəkildə göstərir.

Xalqımız isə düşmənin heç bir təxribatından qorxmur və mərd-mərdanə şəkildə ədalətli mübarizəsini davam etdirir. Gəncə əhalisi də düşmənin heç bir təxribatından çəkinmir, nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. “Bu cür terror aktları biz gəncəliləri, Azərbaycan xalqını qorxuda bilməz. Cənab Ali Baş Komandan biz Sizi dəstəkləyirik. Hər an Sizin əmirinizlə döyüşə hazırıq. Qarabağ Azərbaycandır”. Bu fikirləri Gəncədə törədilən terror aktı nəticəsində zərər görmüş Gəncə sakini söyləyir. Bu gün bu sözləri nəinki gəncəlilər, bütün Azərbaycan xalqı söyləyir. Hər kəs həmrəydir, hər kəs torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuza öz dəstəyini etmək üçün fürsət axtarır: könüllü şəkildə Ordumuzun sıralarına yazılanlar, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edənlər və s.

Əlbəttə ki, hər birimiz bu günlərdə tam fərqli, qeyri-adi günlər yaşayırıq. Ali Baş Komandan demək olar ki, hər gün xalqımıza yeni-yeni qələbə xəbərlərini çatdırır. Ordumuz hər gün işğaldan azad etdiyi torpaqlara üçrəngli bayrağımızı sancır. Azərbaycanda hər kəs əsgərlərimizlə nəfəs alır, onlar üçün nə isə etməyə çalışır. Bütün bunların fonunda düşmənin bu birliyi sarsıtmağa, uğurlarımıza kölgə salmağa istiqamətlənmiş cəhdləri, əlbəttə ki, iflasa məhkumdur.

Humanizm prinsipinə hörmətsizlik nümayiş etdirən, beynəlxalq hüququ, qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozan Ermənistan rəhbərliyi hərbi cinayətlərə görə cavab verməlidir və verir. Ordumuz döyüş meydanında düşməni aciz vəziyyətə salıb və onu geri çəkilməyə məcbur edib. Əminik ki, bu gün Füzulinin işğaldan azad edilməsi xəbərini alan xalqımız artıq Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndidə və digər işğal altındakı torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır xəbərlərini də bayram edəcək. Bu günlər uzaqda deyil.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.