SİYASƏT
Düşmənin ağır artilleriya atəşi nəticəsində Goranboy və Tərtər rayonlarında xəsarət alanlar var
Bakı, 9 oktyabr, AZƏRTAC
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla oktyabrın 9-da saat 18 radələrindən başlayaraq Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
Oktyabrın 9-da saat 18 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.