CƏMİYYƏT


Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərin icrasına başlanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərə ciddi ziyan yetirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanıb.

Yaradılmış komissiya artıq Mingəçevirdə araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb. Gəncə şəhəri üzrə işlər də qısa müddətdə yekunlaşdırılacaq. Hazırda işlər Bərdə, Beyləqan və Ağcabədi rayonlarında aparılır. Həmçinin yaxın günlərdə Cəbrayıl, Füzuli, Naftalan və Göygöl rayonlarında da komissiya tərəfindən araşdırma-qiymətləndirmə işlərinə başlanılacaq.

Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlətimizin başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.