SİYASƏT
Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı 127-ə çatıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanla bağlı yeni statistika açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 5 oktyabr saat 16:00-a olan məlumata görə, həlak olmuş şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.