SİYASƏT


Düşmənin məqsədi münaqişənin həlli prosesini uzadaraq Azərbaycanı yeni hərbi təxribatlara cəlb etməkdir

Bakı, 23 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tutduğu mövqeni haqlı şəkildə tənqid etdi. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, danışıqlar məhz Ermənistanın siyasi rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe səbəbindən pozulub.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

QHT sədri Ermənistan baş nazirinin məkrli siyasətindən danışaraq qeyd edib ki, Nikol Paşinyan bir tərəfdən sülh istədiklərini deyir, digər tərəfdən Xankəndiyə səfər edərək müharibə hazırlıqları aparır, “Qarabağ Ermənistandır” deyə bəyanat verir: “Axı, biz hamımız yaxşı xatırlayırıq ki, Paşinyan hakimiyyətə gələndə xalqına demokratiya və sülh vəd etmişdi. Demokratiya və sülhdən danışan bir siyasətçinin bu davranışları başadüşülən deyil və onun sözü ilə əməli üst-üstə düşmür”.

V.Əhmədov bildirib ki, əksinə, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda nasizm və faşizm ideologiyası daha da baş qaldırdı, nasizmi dəstəkləyən şəxslərə heykəllər ucaldıldı. Bütün dünya faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistan hakimiyyəti bu ideologiyanı dövlət səviyyəsində dəstəkləməyə başladı. Təəssüf ki, bu gün Ermənistanda gənc nəsil arasında Azərbaycan xalqına nifrət aşılanır, bu ölkədə “Azərbaycanofobiya” siyasəti hökm sürür. İşğalçı dövlət Dağlıq Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi və dini abidələri məhv edir. Bütün bu hallarla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək kürsüdən dünya birliyini məlumatlandırıb.

QHT sədri Ermənistan siyasi rəhbərliyinin bütün sərhədləri aşdığını, dünyanın ən nüfuzlu və böyük təşkilatı olan BMT-nin pandemiya dövründə münaqişə zonalarında atəşkəsə əməl edilməsinə çağırışına da məhəl qoymadığını bildirib: “Bu ilin iyul ayında dünya koronavirusla kəskin mübarizə apardığı bir vaxtda işğalçı Ermənistan bütün beynəlxalq qanunları pozaraq gözlənilmədən Tovuz istiqamətində hərbi təxribata əl atdı, azərbaycanlı mülki əhalini hədəf seçdi. Bütün bunlar göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil, arxasında dayanan böyük dövlətlərin köməyi ilə silahlanaraq yenidən Azərbaycan ərazilərinə hərbi təcavüz planlarını həyata keçirmək istəyir”.

V.Əhmədov qeyd edib ki, Ermənistan yeni ərazi iddialarında olmaqla bərabər, Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırma siyasəti aparır. Sosial-iqtisadi problemlər səbəbindən əhalisi ölkəni tərk etdiyi halda, qanunsuz olaraq Yaxın Şərq ölkələrindən erməni əsilli əhalini Dağlıq Qarabağa yerləşdirirlər. Bu fakt bir daha təsdiq edir ki, işğal olunmuş torpaqlarda yerli əhalinin sayı azalmaqdadır, heç bir sosial-iqtisadi perspektivi olmayan bir ərazidə normal yaşayış ola bilməz. Məhz bu amillərdən çıxış edərək Prezident İlham Əliyev imkan verməyəcək ki, danışıqlar imitasiya olunsun, danışıqlar xatirinə danışıqlar aparılsın, Dağlıq Qarabağın taleyi həll olunmamış Azərbaycan yeni işğal faktı ilə üzləşsin. Çünki düşmənin məqsədi məhz Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini uzadaraq Azərbaycanı yeni hərbi təxribatlara cəlb etməkdir. Məhz bu səbəbdən cəbhə xəttində baş verə biləcək istənilən insidentə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bu ölkənin davranışları regional təhlükəsizliyə və sülhə ciddi təhdid yaradır.

“İstər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında Ermənistan hakimiyyətinin tutduğu qeyri-konstruktiv mövqe, istərsə də Tovuz istiqamətində düşmən tərəfinin son təxribatları fonunda biz danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun təmsilçilərindən ədalətli mövqenin şahidi ola bilmədik. Ermənistanın danışıqlar prosesini kölgəyə salan bəyanatlarına, Dağlıq Qarabağda süni məskunlaşdırma siyasəti aparmasına, Tovuz istiqamətində hərbi təxribatlar və mülki əhalini hədəf seçməsinə qarşı bu gün beynəlxalq ictimaiyyətdən ciddi bir mövqe nümayiş etdirilmir. Məhz bu səbəbdən işğalçı Ermənistan istər öz cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə münaqişə ilə bağlı yalan və iftira üzərində qurulmuş təbliğatını davam etdirir”, - deyə QHT sədri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.