REGİONLAR
Düşmənlə üz-üzə - Qazaxın Məzəm və Quşçu Ayrım kəndlərindən REPORTAJ VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Qazaxın Məzəm və Quşçu Ayrım kəndləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindəndir. Rayonun digər kəndləri kimi bu yaşayış məntəqələrində də əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Sakinlər qüdrətli Azərbaycan Ordusuna güvənərək, öz doğma yurdlarında gündəlik işləri ilə məşğuldurlar.
AZƏRTAC-ın çəkiliş qrupu Məzəm və Quşçu Ayrımda olub, düşmənlə üz-üzə dayanan bu kəndlərin sakinləri ilə söhbət edib.
Hər iki kənddə həyat öz axarı ilə davam edir. Buna səbəb Sərhəd Qoşunlarının qoruduğu bu kəndlərin sakinlərinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.
Bu gün sərhəd kəndləri, o cümlədən Məzəm və Quşçu Ayrım fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün kənddəki evlərin qarşısına istinad divarları çəkilib. Su məsələsi də həll edilib. Bir sözlə, kənddəki bütün sosial məsələlər öz müsbət həllini tapıb.
Altmış beş evdən ibarət olan Məzəm kəndi erməni silahlılarının hərbi təcavüzü nəticəsində 9 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi uğrunda canından keçib. Kəndin 4 sakini isə düşmən gülləsinin qurbanı olub. Bir nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Sərhəddə yerləşən, düşmənlə təxminən 100 metr məsafədə olan Məzəm kəndindən erməni postu aydın görünür. Kənddə yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması üçün atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına, eləcə də yolboyu müdafiə hasarları çəkilib.
Məzəmlilər doğma kəndlərinin hər an müdafiəsinə və işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduqlarını deyirlər.
Sakinlər bildirirlər ki, əvvəllər pis vəziyyətdə yaşayıblar, ağır döyüşlər olub. Lakin kəndin qəhrəman övladları düşmənin cavabını verib. İndi isə əmin-amanlıqdır. Buna baxmayaraq, düşmən yenə də atəşkəsi tez-tez pozur, yandırıcı güllələrdən istifadə edərək, evləri, inzibati binaları atəşə tuturlar.
Quşçu Ayrıma səfər zamanı öyrənirik ki, bu günlərdə kənddə xeyir iş olacaq. Kənd sakini Arzu Kərimov: “Sabah həyətimizdə qız toyu olacaq. Toya hazırlaşırıq, 300-ə yaxın dəvətnamə göndərilib. Erməni postu ilə yaxın məsafədə olmağımıza baxmayaraq heç kim qorxmur, öz işimizlə məşğuluq”.
Həyətdə hər kəs toya hazırlıq işlərinə cəlb olunmuşdu. Kimi ət kəsir, biş-düş edir, kimi təşkilati işlərlə maraqlanır, kimi də toy çadırı qururdu.
Sakinlərlə söhbət zamanı dedilər ki, Azərbaycanda hələ ordu qurulmamışdan öncə, kənddə özünümüdafiə dəstəsi yaradılmışdı. Hətta döyüşə yaba ilə gedənlər də vardı. Düşmən kənddə 5-6 evi yandırsa da, geri çəkilməyə məcbur olub.
Hər iki kəndin sakinləri Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində tezliklə düşmən üzərində qələbə qazanılacağına inanırlar.
Məzəm və Quşçu Ayrımdan ayrılırıq. Düşmənlə üz-üzə dayanan vətənpərvər kənd sakinləri isə öz gündəlik yaz qayğılarını yaşamaqda davam edirlər...