MƏDƏNİYYƏT


Düsseldorfda Müslüm Maqomayevə həsr olunan  mədəniyyət axşamı keçirilib

Berlin, 25 sentyabr, AZƏRTAC

Almaniyanın Düsseldorf şəhərindəki Robert Şuman Konsert Zalında SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunan mədəniyyət axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Düsseldorf şəhərinin meriyasının himayəsi altında Müslüm Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi “Pinocchio e.V.” cəmiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə Nordrayn Vestfaliya əyalətinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldorf Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslüm Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Açılış mərasimində çıxış edən qonaqlar Müslüm Maqomayevin həyat və yaradıcılığı, müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə maestro Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edən “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Leyla Begim Cəfərova isə dünya şöhrətli müğənninin xatirəsinə həsr etdiyi şeirini oxuyub. Almaniyada yaşayan məşhur skripka ifaçısı Anar İbrahimov konsertdə çıxış edib. Konsert boyu Müslüm Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib.

Sonda Müslüm Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara dərin minnətdarlığını bildirib.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.