CƏMİYYƏT
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
Bakı, 22 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin noyabr-dekabr ayları ərzində respublikamızın 69 şəhər və rayonunun orta ümumtəhsil məktəblərində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlərin təşkil edilməsini planlaşdırıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək bazarında rəqabətədavamlı yüksəkixtisaslı kadrlara yaranan və daim artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyillərin əmək bazarının tələblərinə uyğun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda təşkil olunacaq tədbirlər də həmin məqsədə xidmət edir.
Peşəyönümü işinin təkmilləşdirilməsi, bu sahədə rayon (şəhər) məşğulluq mərkəzlərinin potensialının gücləndirilməsi, müvafiq sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması işləri də davam etdirilir.
Artıq Göyçay Regional Peşə Tədris Mərkəzində rayon (şəhər) məşğulluq mərkəzlərinin əməkdaşları üçün ekspert və psixoloqların iştirak etdiyi 6 günlük təlimlərə başlanılıb. Təlimlər digər bölgələrdə də aparılacaq.