İQTİSADİYYAT
Düyü bazarı üzrə təhlillər aparılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Xidmət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2022-ci il 21 fevral tarixli Sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80 faizini təşkil edən əsas 9 təsərrüfat subyekti olan – “Veysəloğlu” MMC, “Tamashaee Foods” MMC, “QİDA XXI” MMC, “Best-Tarım” MMC, “Babək” firması – (Babek), “Xudafərin-1” MMC, “Elsaan Group” MMC, “AL market” MMC və “Azərsun Holding” Şirkətlər Qrupuna daxil olan “Sun Food” MMC barəsində araşdırma başlanılıb.
Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən olunub.