REGİONLAR


Duz Muzeyi Naxçıvanın təbliğində əhəmiyyətli rol oynayır

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Naxçıvan Duz Muzeyi dünyada duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin, eləcə də bəşər insanının ilkin istehsal mədəniyyətinin formalaşmasını ziyarətçilərinə əyani şəkildə təqdim edən mədəniyyət müəssisəsidir. Muzey bu gün Naxçıvanın təbliğində əhəmiyyətli rol oynayır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbləri ilə Duz Muzeyi arasında keçirilən interaktiv dərsdə qeyd olunub.

Muzeyin direktoru Camal Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə şagirdləri tanış edib, Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşması barədə danışıb.

Diqqətə çatdırılıb ki, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin məzarının, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib.

“Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin duz mədənində şəhər əhalisinə duz çıxarmağı öyrətməsi qeyd olunur”, – deyən muzeyin direktoru bildirib ki, aparılan tədqiqatların nəticəsi bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulduğunu göstərir. Bu isə 5 minillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib.

Camal Babayev şagirdlərə məlumat verib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr edilib.

Muzeydə nümayiş olunan qədim dövrdə insanların məişətdə istifadə etdiyi daş əmək alətləri, son dövrlərdə duzdan hazırlanmış əl işləri barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.