İDMAN
EDUARD ŞEVARDNADZE GÜRCÜSTAN ŞAHMAT FEDERASİYASININ TƏKLİFİNİ DƏSTƏKLƏYİR
Gürcüstan Şahmat Federasiyasının prezidenti, qrossmeyster Nino Qurieli bildirmişdir ki, Prezident Eduard Şevardnadze qadınlar arasında 2004-cü il dünya çempionatını Tbilisidə keçirmək barədə Federasiyanın təklifini bəyənmişdir.
Qurielinin sözlərinə görə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovla sentyabrın 12-də Tbilisidə keçirilən görüşdə Gürcüstan başçısı bildirmişdir ki, ölkə rəhbərliyi bu təklifi dəstəkləyir və çempionatın təşkilinə kömək göstərməyə hazırdır.
Qurieli demişdir ki, Beynəlxalq Şahmat Federasiyası dünya birinciliyinin keçiriləcəyi yer və vaxt haqqında qərarı dekabrda növbəti konqresində qəbul edəcəkdir.
Həmin gün E.Şevardnadze K.İlyumjinova Gürcüstanın əcnəbilər üçün ali mükafatını – “Qızıl qoyun dərisi” ordenini təqdim etmişdir. FİDE prezidenti bu mükafata “şahmatın inkişafına və təbliğinə, xalqlar arasında sülhün möhkəmlənməsinə böyük töhfəsinə görə” layiq görülmüşdür.