SİYASƏT
EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN KOLLEGİYASINDA
Nazir Hüseynqulu Bağırov kollegiyada çıxışında demişdir ki, Prezident İlham Əliyev nitqində son on ildə iqtisadi inkişaf sahəsində qazanılmış nailiyyətləri vurğulamaqla yanaşı, bəzi sahələrdə müəyyən problemlər olduğunu da nəzərə çarpdırmışdır. Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərdən biri kimi, 2008-ci ilədək 600 min iş yeri açmaq nəzərdə tutulur.
H.Bağırov kollegiya iştirakçılarına ətraf mühitin mühafizəsi sahəsində son illər nazirlik tərəfindən görülmüş işlər, aparılmış geoloji-kəşfiyyat işlərinin nəticələri, avadanlığın modernləşdirilməsi, qoruqların və digər xüsusi mühafizə edilən ərazilərin genişləndirilməsi barədə məlumat vermişdir. Nazir qarşıdakı vəzifələrdən danışaraq, təbiəti mühafizə sahəsində qanunvericilik bazasını möhkəmələndirməyin, bu sahəyə xarici sərmayələr cəlb olunmasının, ətraf mühitin çirkləndirilməsinə görə məsuliyyət tədbirlərini gücləndirməyin, informasiya bankı yaratmağın, ictimaiyyəti təbiəti mühafizə məsələlərinə cəlb etməyin zəruriliyini vurğulamışdır.