İDMAN
EKVADORLU ŞAMAN ALMANİYA STADİONLARINI ƏCİNNƏLƏRDƏN TƏMİZLƏYƏCƏK
AZƏRTAC internet nəşrlərə istinadla xəbər verir ki, ekvadorlu şaman Tsamarenda Nayçali yaxın vaxtlarda Almaniyaya gələrək, qarşıdakı dünya futbol çempionatı oyunlarının keçiriləcəyi 12 stadiona baş çəkəcəkdir. O, əcinnələrin çempionat günlərində futbolçulara və azarkeşlərə mane olmaması üçün onları idman qurğularından qovmaq fikrindədir.
36 yaşlı şaman xəstələrin müalicəsi, fala baxmaq və kənar qüvvələrlə mübarizə üçün özünün ovsunlama bacarığından istifadə edir. Aprelin 24-də Nayçali Leypsiqdəki “Sentralştadion”da olmuş və lazımi mərasim keçirmişdir.
O demişdir: “Mən dünya çempionatı üçün bu mühüm yeri əcinnələrdən təmizlədim. Mən buraya müsbət enerji gətirmişəm”. Şamanın fikrincə, onun gördüyü iş çox mühümdür, çünki Almaniyaya müxtəlif ölkələrdən milyonlarla adam gələcəkdir.
Xatırladaq ki, dünya çempionatı bir ay – iyunun 9-dan iyulun 9-dək davam edəcəkdir.