İQTİSADİYYAT
ELEKTRİK ENERJİSİ HAQQININ TOPLANMASININ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
“Azərenerji” Səhmdar Cəmiyyəti kollegiyasının geniş iclası işlədilən elektrik enerjisi haqqının toplanması və ümumən sahənin maliyyə sabitliyi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Cəmiyyətin mətbuat xidmətindən bildirmişlər ki, kollegiyanın işində baş nazirin müavini Yaqub Eyyubov, yanacaq və energetika naziri Məcid Kərimov iştirak etmişlər.
Səhmdar cəmiyyətinin prezidenti Etibar Piriyev kollegiyada çıxışında nəzərə çarpdırmışdır ki, müzakirə olunan problem energetiklər üçün birinci növbəli vəzifədir, çünki bütün sahənin səmərəli fəaliyyəti bunun həllindən asılıdır. Vəsaitin toplanmasında uzun müddət ərzində müşahidə edilən böhranlı vəziyyət borcların, o cümlədən də əmək haqqı borclarının yaranmasına, vəsait olmadığına görə çoxdan lazımi səviyyədə təmir edilməyən avadanlığın köhnəlməsinə gətirib çıxarmışdır. Bütün bunlar enerji təchizatında problem yaradır və istehlakçıların haqlı narazılığına səbəb olur.
Kollegiyada qeyd edilmişdir ki, “Azərenerji” Səhmdar Cəmiyyətinin bütün regional şöbələrinin rəhbərləri elektrik enerjisinin bölüşdürülməsində sosial prinsiplərə riayət olunmasına və enerji haqqının toplanmasına nəzarəti gücləndirmək üçün lazımi tədbirlər görməlidirlər.