İQTİSADİYYAT
ELEKTRİK ENERJİSİ İLƏ TƏCHİZAT YAXŞILAŞACAQDIR
İranın və Azərbaycanın sərhədyanı Culfa şəhərləri arasında 4 kilometr uzunluğunda yüksək gərginlikli elektrik ötürücü xəttinin çəkilişində son işlər görülür. Onu oktyabr ayının axırınadək istifadəyə vermək nəzərdə tutulur.
Bu xətt işə düşdükdən sonra blokada vəziyyətində olan bölgə qonşu İran İslam Respublikasından 30 meqavat elektrik enerjisi alacaqdır. Beləliklə, ölkəmizin bu regionunun elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşacadqır.
Qışı sərt keçən Muxtar Respublikanın enerji təsərrüfatının etibarlı işləməsini təmin etmək məqsədi ilə başqa tədbirlər də görülmüşdür. Naxçıvan Muxtar Respublikası Energetika İdarəsindən müxbirimizə bildirmişlər ki, xarici ölkələrdən yarımstansiyalar üçün yeni transformatorlar və digər avadanlıq alınmış, bəzi yerlərdə elektrik ötürücü xətləri dəyişdirilmiş, onların etibarlığı artırılmışdır.