İQTİSADİYYAT
ELEKTROENERGETİKANIN İNKİŞAF PROQRAMI GERÇƏKLƏŞDİRİLİR
Azərbaycanda elektroenergetika sahəsinin 2010-cu ilədək inkişaf proqramı çərçivəsində perspektiv layihələrin gerçəkləşdirilməsinə təqribən 1 milyard dollar tələb olunur. Bu vəsaitlə elektrik stansiyalarının, yardımçı stansiyaların tikilməsi və yüksək gərginlikli elektrikötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur.
“Azərenerji” SC-nin mətbuat xidmətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, perspektiv layihələr içərisində ölkənin şimalında 400 meqavatlıq, Əli Bayramlıda isə 1000 meqavatlıq yeni elektrik stansiyalarının tikilməsi layihələri də vardır. Bundan əlavə, gündəlikdə “Şimal” DRES-də 400 meqavat, Sumqayıtda isə 400-500 meqavat gücündə ikinci buxar-qaz qurğularının tikilməsi durur.
Hazırda Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə danışıqlar aparılır. Bank “Şimal” DRES-də ikinci buxar-qaz qurğusunun tikintisini kreditləşdirmək niyyətindədir.
Bu blokun tikintisinə 2005-ci ildə başlamaq nəzərdə tutulur.