ELEKTRON HƏRRACLARI SİSTEMİNDƏ REKORD GÖSTƏRİCİ QEYDƏ ALINMIŞDIR
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində iyulun 24-də keçirilən hərracların nəticələrinə görə, birja elektron hərracları sistemində (BEST – Bourse E-system of trades) rekord göstərici qeydə alınmışdır.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, BEST sistemində USD/AZMT+0 vasitəsi üzrə əqdlərin həcmi 22,965 milyon ABŞ dollarına bərabər olmuşdur. Elektron sistemində bağlanmış əqdlərin məzənnəsi 1 ABŞ dolları üçün 4917 manat təşkil etmişdir. İyulda BBVB-də ABŞ dolları üzrə əqdlərin ortagünlük dövriyyəsi 3,841 milyon dollara çatmış, birja hərraclarının ümumi həcmi iyulun 24-dək 69 milyon dolları keçmişdir. Birja valyuta bazarı dövriyyəsinin artması satış qabiliyyətinin yüksəlməsi və birja elektron hərracları sisteminin təkmilləşdirilməsi sayəsində mümkün olmuşdur.
BEST sistemi 2002-ci il iyulun 9-da - valyuta risklərinin və bankların qısamüddətli satış qabiliyyətinin kompleks şəkildə idarə edilməsi üçün işə salınmışdır. BEST bankirlərə ofisdə və ya birjanın hərrac salonunda oturaraq, T+0, T+1 və T+2 valyutalaşdırma tarixli üç xarici valyuta (USD, EUR və RUR) ilə əməliyyatlar aparmaq imkanı verir. İndi BBVB-nin elektron hərraclarında Azərbaycan Milli Bankı və ikinci səviyyəli 22 bank iştirak edir.
Xəbərin mətnində orfoqrafik səhv var