Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ELMİ İCTİMAİYYƏTİMİZİN DOSTU, MƏSLƏKDAŞI VƏ YOLGÖSTƏRƏNİ
AZƏRBAYCAN DÖVLƏT ƏMƏYIN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI ELMİ-TƏDQİQAT İNSTİTUTU KOLLEKTİVİ ÖLKƏMİZİN RƏHBƏRİNƏ ÖZ SƏMİMİ DUYĞULARINI BU CÜR İFADƏ ETMİŞDİR

Əziz və hörmətli Heydər Əlirza oğlu!

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun kollektivi Sizi – xalqımızın xilaskarını, dünya şöhrətli dövlət xadimini, Azərbaycan iqtisadiyyatının və elminin inkişafı naminə yorulmadan çalışan mübariz bir insanı, dahi rəhbərimizi şanlı 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və başladığınız hər bir yeni işdə bundan sonra da uğurlar arzulayır.

Respublikamıza rəhbərlik etdiyiniz uzun illər ərzində Siz elmi ictimaiyyətin yaxın dostu və məsləkdaşı olduğunuz üçün Azərbaycanın elm sahəsində əldə etdiyi nailiyyətlər Sizin adınızla bağlıdır.

Şəxsi nüfuzunuz və yeritdiyiniz ardıcıl siyasət sayəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutmuş, beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmuşdur. Mötəbər beynəlxalq təşkilatlardan sayılan Avropa Şurasında Azərbaycanı təmsil edən nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsi Azərbaycan tarixində görünməmiş bir hadisə olmuşdur. Xalqımız bununla fəxr edir.

Heydər Əliyev şəxsiyyəti bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif bölgələrinə səpələnmiş milyonlarla soydaşımızı birləşdirən bir simvola çevrilmişdir. Sizin bünövrəsini qoyduğunuz yolla Azərbaycan tərəqqiyə doğru inamla addımlayır, uğurlarımız durmadan artır. Xalqımız öz nicatını, gələcəyini dahi rəhbərin siyasətində görür. Məhz bu səbəbdən qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi hamılıqla dəstəkləyəcək və müdafiə edəcəyik. Biz Sizə güvənir, Sizinlə fəxr edirik.

Ulu Tanrı Sizə yar olsun.

Azərbaycan Dövlət Əməyin Mühafizəsi

və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat

İnstitutunun kollektivi

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin