ELMİ KATALOQ HAZIRLANMIŞDIR
AzerTAg.az
Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun alimləri Azərbaycan ərazisində yayılmış qeyri-patogen mikroorqanizmlərin kataloqunu hazırlamışlar. İnstitut direktorununun elmi işlər üzrə müavini, biologiya elmləri namizədi Pənah Muradov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanda ilk dəfə hazırlanmış bu kataloq mikrobioloqların 10 illik əməyinin bəhrəsidir. Azərbaycan və rus dillərində olan kataloqda yeyinti, kimya sənayelərində və başqa sahələrdə istifadə edilə bilən 500 mikroorqanizm növünün identifikasiyası, yayılma arealı və praktik əhəmiyyəti barədə məlumat verilmişdir.
Alim onu da bildirmişdir ki, kataloqa Azərbaycanda yayılmış mikroorqanizmlərin ancaq kiçik bir hissəsi daxildir və onların təsnifatı üzərində iş davam etdiriləcəkdir. Yaxın vaxtlarda mütəxəssislər Milli Elmlər Akademiyasının İnternet səhifəsində kataloqla tanış ola biləcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var