İQTİSADİYYAT
ELMİ-PRAKTİK KONFRANS SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Əvvəlcə tədbir iştirakçıları erməni vəhşiliklərindən bəhs edən sərgiyə baxmışlar.
Sonra ümummilli liderimiz Heydər Əliyevin və soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, “Sevil” qadınlar məclisi sədrinin müavini Təranə Quliyeva konfransı açaraq, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, soydaşlarımızın ata-baba yurdundan qovulmasından, xalqımızın dəhşətli soyqırımına məruz qalmasından danışmışdır.
Natiq bu vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının tarixi əhəmiyyətindən söz açmışdır.
“Sevil” qadınlar məclisinin sədri Nüşabə Əliyeva, qurumun Şərur rayon təşkilatının sədri Ümbülbanu Musayeva, kimya elmləri namizədi Fizzə Məmmədova, Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbin müəllimi Rəhilə Seyidova, qaçqınlar adından Süsənbər Ağamalıyeva və başqaları çıxışlarında ermənilər tərəfindən törədilən ağır cinayətləri unutmamağın, gənc nəsli erməni qəsbkarlarına, bədxah qüvvələrə qarşı ayıq-sayıq ruhda tərbiyə etməyin vacibliyini vurğulamışlar.
Konfransda Naxçıvan Qızlar Liseyi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.