İQTİSADİYYAT
ENERGETİKA MÜƏSSİSƏLƏRİNDƏ GÖRÜŞLƏR
Ölkənin baş energetika idarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, söhbət zamanı gələn ilin əvvəlində 50 illiyini qeyd edəcək müəssisənin işinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olan bir sıra aktual məsələlər qaldırılmışdır. Məsələn, SES-in kompüterləşdirilməsinin zəruriliyindən söhbət getmişdir ki, bu da daxili ehtiyatlardan istifadə etməyə imkan verəcəkdir. Müəssisənin gücünü artırmaq və elektrik enerjisi istehsalını çoxaltmaq üçün böyük əhəmiyyəti olan digər məsələlərə, o cümlədən ayrı-ayrı kateqoriyalardan olan işçilərin əmək haqqının ödənilməsinin tarif cədvəlinə yenidən baxılması, əmək şəraitinin yaxşılaşdırılması, təmir işləri aparılmasının zəruriliyi məsələlərinə də toxunulmuşdur.
“Azərenerji”nin rəhbəri elektrik enerjisi istehsalına görə Cənubi Qafqazda ən iri müəssisə olan Azərbaycan DRES-də də olmuşdur. Stansiyanın işçiləri işin yaxşılaşdırılması barədə fikirlərini bölüşmüş, istehsal prosesinin təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürmüş, həll olunası mövcud nöqsanların aradan qaldırılmasını təmin edəcək müxtəlif problemlər qaldırmışlar. Görüşdə qeyd olunmuşdur ki, dövlət başçısı seçkiləri üzrə kampaniyanın sürətləndiyi bir vaxtda bu, xüsusilə vacibdir.
Mingəçevir energetikiləri tam əmin olduqlarını bildirmişlər ki, Azərbaycan xalqı düzgün seçim edəcək və xalqımızın böyük oğlu, ölkəmizdə demokratik və dünyəvi dövlət quruculuğu xəttini qətiyyətlə həyata keçirən Heydər Əliyevə səs verəcəklər.