İQTİSADİYYAT
ENERGETİKLƏR 8-Cİ BLOKU VAXTINDAN ƏVVƏL İSTİSMARA VERMİŞLƏR
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının 8-ci blokunda əsaslı təmir, yenidənqurma işləri vaxtından əvvəl yüksək keyfiyyətlə başa çatdırılmış, blok texniki sınaqdan uğurla çıxmışdır. 8-ci blok “Azərenerji” sisteminə qoşulmağa tam hazırdır. Bu isə stansiyanın gündəlik enerji hasilatı gücünü daha 270 meqavat artıraraq, 2400 meqavata çatdırmağa imkan verəcəkdir. Stansiyanın direktoru Şıxməmməd Aslanov müxbirimizə demişdir ki, dövlətimizin rəhbəri Heydər Əliyevin uzaqgörən siyasətinin, zəkasının xalqımıza töhfəsi olan, 300 nəfərin çalışdığı müəssisənin energetikləri prezident seçkiləri ərəfəsində səmərəli istehsal rejimində işləməyi öhdəyə götürmüşlər. Kollektivimiz Heydər Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini respublikada birincilər sırasında irəli sürmüşdür.