İQTİSADİYYAT
ENERGETİKLƏR DANIŞIQLARI İRANDA DAVAM ETDİRƏCƏKLƏR
“Azərenerji” SC-nin mətbuat xidmətindən bildirmişlər ki, Bakıda danışıqlarda İran energetiklərinin nümayəndə heyətinə başçılıq edən Azərbaycan (İran) regional energetika şirkətinin (AREK) sistemli inkişafı şöbəsinin rəisi Əbdülhəmid Fərzəm yola düşməzdən əvvəl demişdir: “İnamla və məmnunluqla qeyd etmək olar ki, biz ölkələrimiz və xalqlarımız üçün lazımlı iş görürük. Biz “Azərenerji” SC-dən olan həmkarlarımızın necə səmərəli çalışdıqlarını görürük və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, iki ölkənin energetika idarələrinin bir-birinə yaxınlaşmaq meylləri get-gedə güclənsin və günün tələblərinə cavab versin”.
Ə.Fərzəmin sözlərinə görə, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi İranla Azərbaycan arasında mehriban qonşuluq, dostluq münasibətlərinin möhkəmlənməsi deməkdir.
Əməli şəraitdə keçən üçgünlük müzakirələrin gedişində qarşılıqlı maraq doğuran bir sıra texniki və təşkilati məsələlər, o cümlədən Astara-Astara transazərbaycan elektrik ötürücü xəttinin və İmişli-Parsabad sistemlərarası elektrik ötürücü xəttinin işə salınması proqramının həyata keçirilməsi məsələsi müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin başçısı, “Azərenerji” SC-nin baş mühəndisi Marlen Əsgərov bildirmişdir ki, bu həftə İİR-də davam etdiriləcək danışıqların yekunlarına dair protokol imzalanacaqdır.