İQTİSADİYYAT
ENERGETİKLƏR KREDİTLƏRDƏN İSTİFADƏ EDİRLƏR
Mart ayından başlayaraq “Azərenerji”nin layihəsinin həyata keçirilməsi üçün Almaniyanın KFVV bankının ayırdığı kreditdən istifadə ediləcəyi gözlənilir.
“Azərenerji”-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, KFVV bu layihənin məsləhətçisini müəyyənləşdirmək üçün tender elan edəcəkdir. Məsləhətçi şirkətin köməyi ilə podratçı seçmək üçün müsabiqə keçiriləcəkdir.
Fevralın əvvəlində Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Elektrik enerjisinin ötürülməsi sisteminin reabilitasiyası proqramı”nda nəzərdə tutulmuş sənədlər toplusu imzalanmışdır. Kredit vəsaitlərindən 2003-2004-cü illərdə istifadə etmək nəzərdə tutulur. Mərkəzi Dispetçer İdarəsinin modernləşdirilməsi və ən müasir avadanlıqla təchiz edilməsi proqramının birinci mərhələsinin həyata keçirilməsinə təxminən 2 milyon avro sərf olunacaq ki, bu da enerji sisteminin etibarlılığını yüksəltməyə kömək edəcəkdir.
Bununla yanaşı, “Elektrik enerjisinin ötürülməsi sisteminin reabilitasiyası proqramı” çərçivəsində “Azərenerji” ASC-nin 13 sistemtəşkiledici yüksək gərginlikli yardımçı stansiyası texniki cəhətdən yenidən qurulacaqdır. Binəqədi, Xırdalan, İmişli, Müşfiq, Yaşma, Yevlax, Ucar və Maştağa yardımçı stansiyalarında işləməyən və texnoloji cəhətdən köhnəlmiş açarlar və transformatorlar yeniləri ilə əvəz olunacaqdır.
Yardımçı stansiyalarda aparılan bərpa işləri elektirik enerjisinin ötürülməsi və paylanması zamanı itkiləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəkdir.