ENERJİ RESURSLARINA QLOBAL TƏLƏBATIN ÖDƏNİLMƏSİ ÜÇÜN DAHA GENİŞ İMKANLAR AÇILMALIDIR
“XƏZƏR NEFT VƏ QAZ-2004” BEYNƏLXALQ SƏRGİ-KONFRANSININ İLK İCLASI BU DEVİZ ALTINDA KEÇİRİLMİŞDİR
AzerTAg.az
İyunun 2-də Bakıdakı “Avropa“ mehmanxanasında Azərbaycan Respublikasının yanacaq və energetika naziri Məcid Kərimov və Böyük Britaniya baş nazirinin biznes imkanlarının inkişafı üzrə xüsusi təmsilçisi, parlament üzvü Brayn Uilsonun həmsədrliyi ilə keçirilən ilk iclasda dövlət nümayəndələri, yerli və xarici şirkətlərin təmsilçiləri, eləcə də sahə mütəxəssisləri iştirak edirdilər.
İclasda “Enerji resurslarına qlobal tələbatın ödənilməsində Xəzər bölgəsinin energetika sektorunda neft və qazın hasilat və nəqli üzrə layihələrin rolu, onların həyata keçirilməsi barədə ən son məlumatlar və gələcək üçün planlar” mövzusu ətrafında məruzələr dinlənilmişdir.
Əsas məruzə ilə çıxış edən respublika yanacaq və energetika naziri Məcid Kərimov hələ qədim zamanlardan öz nefti ilə məşhur olan Azərbaycanın haqlı olaraq, “Odlar yurdu” adlandırılmasından, burada 1847-ci ildən başlayaraq sənaye üsulu ilə neft çıxarılmasından və sahənin inkişaf mərhələlərindən danışmışdır. Natiq qeyd etmişdir ki, müstəqil Azərbaycanın neft sənayesinin yeni inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və bugünkü nailiyyətlər onun uzunmüddətli neft strategiyasının real nəticəsidir. Məhz bu strategiya ölkəmizə böyük həcmdə sərmayə axınına əlverişli şərait yaratmaqla ABŞ, Rusiya, İngiltərə, Fransa, Norveç, Türkiyə, Kanada, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Çin, İran və digər dövlətlərin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, neft sənayesinə yeni texnologiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlıgın inkişafı, həmçinin elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bir neçə min birgə müəssisə çalışır, dünyanın müxtəlif ölkələrində isə 25-dən artıq mədəni mərkəzlərimiz fəaliyyət göstərir. Neft-qaz yataqlarımız və perspektivli strukturlarımızla maraqlanan 15 dövlətin 33 şirkəti ilə 22 müqavilə bağlanmışdır. Ötən illər ərzində bu sahəyə 8 milyard ABŞ dollarından artıq xarici sərmayə cəlb edilmişdir. 1997-ci ildən bəri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi nəticəsində 31 milyon tondan çox neft, 6 milyard kubmetrdən artıq təbii qaz hasil edilmişdir.
Məruzəçi daha sonra irimiqyaslı layihələrin sürətlə həyata keçirilməsindən, bu layihələr çərçivəsində Səngəçal terminalının, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisinin və Cənubi Qafqaz qaz kəmərlərinin inşasına hazırlıq işlərinin cədvəl üzrə irəliləməsindən, o cümlədən dəniz yataqlarındakı istismar və qazma işlərinin real vəziyyətindən nikbinliklə söz açmış və “Azəri-Çıraq-Günəşli” layihəsinin Faza-1, Faza-2, Faza-3 mərhələlərində nəzərdə tutulan işlərə 12 milyard ABŞ dolları məbləğində vəsait sərf olunacağını, neft kəmərinin tikintisinin bu ilin axırında, ilk neftin isə 2005-ci ilin ikinci rübündə Ceyhan limanına çatdırılacağını, bununla yanaşı “Şahdəniz” layihəsində nəzərdə tutulan işlərin eyni sürətlə irəlilədiyini, qaz kəmərinin tikintisinin cari il iyunun əvvəlində başlanacağını, 2006-cı ilin sentyabrında başa çataçağını qeyd etmişdir.
Nazir energetika sahəsində Azərbaycanın beynəlxalq əlaqələrindən, həmçinin xarici neft şirkətlərinin uğurlu işlərindən, respublikanın ictimai həyatında onların fəal iştirakından da bəhs etmişdir. O, Xəzər regionunun enerji ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılması nəticəsində Şərq-Qərb enerji dəhlizinə daxil olan ölkələr arasında əməkdaşlığın da daha yüksək səviyyəyə qalxacağına əmin olduğunu bildirmişdir.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Rusiya Prezidentinin Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı öz məruzəsində Xəzər regionunda neftin, qazın hasilatı və ixracında yeni bir tarixi dövrün yaşandığını və ölkələrimiz arasında möhkəm işgüzar əlaqələrin yarandığını, “LUKoyl” şirkətinin “Yalama-Samur” strukturunda uğurla fəaliyyət göstərdiyini, eyni zamanda, Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycanla Rusiyanın mövqelərinin üst-üstə düşdüyünü vurğulamışdır.
Konfransda çıxış edən bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord “Əsrin müqaviləsi” bağlanan vaxtdan ötən 10 il ərzində 12 kəşfiyyat quyusunun qazıldığını, “Çıraq” yatağından indiyədək 250 milyon barrel neft çıxarıldığını, 500–dən artıq yerli şirkətin, o cümlədən 1500 nəfərdən çox Azərbaycan vətəndaşının işə cəlb olunduğunu, istər Səngəçal terminalında inşaat işlərinin, istərsə də ixrac neft və qaz kəmərlərinin tikintisinin hər üç ölkə ərazisində cədvəl üzrə irəlilədiyini və bu sahədə heç bir problemin olmadığını, eyni zamanda, bütün sahələrdə şəffaflığa nail olunduğunu məmnunluqla bildirmişdir.
Statoyl-Azərbaycan şirkətinin prezidenti Georq Gündersen Azərbaycanda həyata keçirilən bütün neft-qaz layihələrində iştirak etdiklərini, Norveçin müasir texnologiyalarından Xəzərdə də istifadə olunduğunu demişdir. O, eyni zamanda neft layihələrinin nəinki Azərbaycan üçün, eləcə də bütün region və Avropa ölkələri üçün də önəmli rol oynayacağını konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər də Xəzər bölgəsində karbohidrogen ehtiyatlarının perspektivindən, hasilat və qazmada tətbiq olunan yeni texnologiyalardan, səmt qazının sahilə nəqlindən, Şərq-Qərb arasında enerji körpüsü kimi Türkiyənin rolundan, qazın Yunanıstan və oradan Avropaya çatdırılmasından və s. məsələlərdən danışmışlar.
Konfrans iyunun 3-də öz işini davam etdirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var