SİYASƏT
ERMƏNİSTANDA SEÇKİLƏRİN ETİBARSIZ HESAB OLUNMASI BARƏDƏ DANIŞIQLAR APARILIR
` Arminfo agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, hazırda Ermənistanda prezidentliyə namizədlərdən dördü seçkilərin etibarsız hesab olunması ilə əlaqədar danışıqlar aparır.
Prezidentliyə namizəd Artaşes Geqamyanın səlahiyyətli nümayəndəsi, Ermənistan parlamentinin deputatı Aqasi Arşakyanın sözlərinə görə, danışıqlarda Xalq Partiyasının lideri Stepan Dəmirçyan, Milli Vəhdət partiyasının lideri Artaşes Geqamyan, Milli Demokratik İttifaq Partiyasının rəhbəri Vazgen Manukyan və “Perspektiv” strateji təşəbbüs mərkəzinin rəhbəri Aram Karapetyan Ermənistanda prezident seçkilərinin gedişində baş vermiş küllü miqdarda qanun pozuntularına etiraz əlaməti olaraq, seçkilərin nəticələrini tanımayacaqlarını bildirmişlər. Hazırda prezidentliyə namizədlər birgə bəyanatın hazırlanması üzrə məsləhətləşmələr aparırlar.