SİYASƏT
ERMƏNİSTANDA SEÇKİQABAĞI QALMAQAL: KOÇARYANI SEÇKİLƏRDƏ İŞTİRAKDAN MƏHRUM ETMƏK İSTƏYİRLƏR
Ermənistanda prezident seçkiləri yaxınlaşır və qalan bu günlərin təlatümlü keçəcəyi gözlənilir. AZƏRTAC-a PRESS-SENTR.RU-dan daxil olmuş məlumata görə, indiki prezident və dövlət başçısı vəzifəsinə əsas namizəd Robert Koçaryanın opponentləri onun Ermənistanda 10 il daimi yaşamaq və vətəndaşlıq haqqında sənədlərinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmək niyyətindədirlər. Mərkəzi Seçki Komissiyası onun namizədliyini bu sənədlər əsasında qeydə almışdır. Həmin bəyanatla bu günlərdə öz namizədliyini Stepan Dəmirçyanın xeyrinə geri götürən “Anrapetutyun” Partiyası idarə heyətinin üzvü Artak Zeynalyan çıxış etmişdir. Zeynalyanın dediyinə görə, Ermənistanın yeddi tanınmış siyasi və ictimai xadimi, o cümlədən Artaşes Geqamyan, Stepan Dəmirçyan, Aram Sarkisyan, Vladimir Darbinyan və Aram Karapetyan məhkəməyə müraciət etməyi qərara almışlar. Onların fikrincə, Robert Koçaryan Azərbaycan vətəndaşıdır və buna görə də Ermənistana rəhbərlik edə bilməz. Onların bu iddiası təmin olunarsa, Robert Koçaryan prezident seçkilərindən avtomatik surətdə kənarda qalacaqdır.
16 müxalifət partiyasının birləşmiş qərargahının nümayəndəsi, Milli Demokratik Partiyasının üzvü Dustrik Mxitaryan mətbuat konfransında bildirmişdir ki, prezident kampaniyasının gedişində seçki qanunvericiliyinin pozulması faktlarını hakimiyyət dairələrinin qulaqardına vurması respublikada cəzasızlıq mühiti yaradır.
A.Zeynalyan seçki qanunvericiliyinin pozulmasına dair misallar gətirərək demişdir ki, Ermənistanın indiki rəhbəri Robert Koçaryanın prezidentliyə namizəd kimi MSK-da qeydiyyatdan keçirilməsi Konstitusiya normalarının kobudcasına pozulması deməkdir, çünki o, vətəndaşlıq üçün lazımi senzə malik deyildir. O, MSK-nın qərarlarından razı qalmadığını da açıqlamışdır. Onun rəyincə, bu qərarlar Konstitusiyanın müddəalarına ziddir.
Burada bir faktı qeyd etmək yerinə düşərdi. R.Koçaryan Ermənistan vətəndaşlığı almaq üçün Azərbaycan vətəndaşlığından imtina haqqında Azərbaycanın müvafiq dövlət orqanlarına mütləq müraciət etməli idi. O, artıq bundan sonra ona Ermənistan vətəndaşlığı verilməsi haqqında bu ölkənin lazımi orqanlarına müraciət edə bilərdi. Dünya praktikası belədir. Amma Ermənistan Prezidenti bu proseduru pozmuşdur.
Yeri gəlmişkən, prezidentliyə namizəd kimi qeydə alınmaq üçün iştirakçılar 2002-ci il dekabrın 31-dək Mərkəzi Seçki Komissiyasına digər sənədlərlə yanaşı, onların son 10 ildə Ermənistan vətəndaşı olduqları barədə arayış da təqdim etməyə borclu idilər. Bu sənədi Ermənistan DİN-in Pasportlar və Vizalar İdarəsi verir. Ermənistan Respublikasının vətəndaşlığını isə mexaniki olaraq ancaq elə bir adam ala bilər ki, o, Sovet Ermənistanında daim yaşamış olsun. R.Koçaryan isə bu tələblərdən yan keçərək, prezidentliyə namizəd kimi qeydə alınmağa müvəffəq olmuşdur. Halbuki o, sovet hakimiyyəti illərində Azərbaycanda - Dağlıq Qarabağda doğulmuş, böyümüş və 1997-ci ilədək orada yaşamışdır.