SİYASƏT
ERMƏNİSTAN “AVROPADA ADİ SİLAHLI QÜVVƏLƏR HAQQINDA” MÜQAVİLƏNİN MÜDDƏALARINI KOBUD SURƏTDƏ POZMAQDA DAVAM EDİR
Ermənistan “Avropada adi silahlı qüvvələr haqqında” müqavilənin müddəalarını kobud surətdə pozmaqda davam edir. Amma qərəzli şəkildə bu məsələdə Azərbaycanın adını hallandırmaqla dünya ictimaiyyətinin fikrini çaşdırmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində demişdir.
Ziyafət Əsgərovun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq müqavilələrdən irəli gələn tələbləri layiqincə yerinə yetirir. Azərbaycanı hansısa müqavilənin şərtlərini pozmaqda ittiham etmək ermənilərin növbəti iftirasından başqa bir şey deyildir. Rusiyadan küllü miqdarda silah almış Ermənistan dolayı yollarla silahlanmanı bu gün də davam etdirir. Müqavilənin tələblərini kobud surətdə pozan elə Ermənistanın özüdür. Təbiidir ki, bunu bütün dünya ictimaiyyəti də görür və çox güman ki, öz sözünü deyəcəkdir.