İQTİSADİYYAT
ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN TORPAQLARINDA YARADILDIĞINI SÜBUT EDƏN DAHA BİR SANBALLI KİTAB
Milli Məclisin deputatlarının, görkəmli elm və mədəniyyət xadimlərinin, nazirlik, dövlət komitələri və KİV nümayəndələrinin iştirak etdikləri mərasimi giriş sözü ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açmışdır. O demişdir ki, martın 31-də azərbaycanlılara qarşı iki əsrdən bəri törədilən soyqırımı qurbanlarının xatirəsini anacağıq. Bir yandan, illər boyu xalqımıza qarşı ermənilər tərəfindən təcavüz edilib, xalqımız soyqırımına məruz qalıb, digər tərəfdən isə, bu məkirli siyasətin ideoloqları və müəllifləri guya azərbaycanlıların və türklərin erməniləri qırdığı haqda dünyaya yalan yayıblar. Təəssüf ki, bir çox hallarda ayrı-ayrı ölkələri və xalqları bu yalana inandıra biliblər. Azərbaycan ziyalıları da tədqiqatlar apararaq, ermənilərin xalqımıza qarşı soyqırımı törətdiyini faktlarla aşkara çıxarmış, sanballı əsərlər yazmışlar. Lakin etiraf etmək lazımdır ki, bu işi ilk dəfə dövlət səviyyəsində ümummilli liderimiz Heydər Əliyev qaldırmışdır. Onun imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı uzun illər gizlədilmiş tarixi həqiqətin üzərindən pərdəni götürdü, tariximizin qaranlıq səhifələrinin araşdırılmasına təkan verdi.
Əsrlər boyu təkcə soydaşlarımız yox, onların məskunlaşdığı yerlərdə tikib ucaltdığı tarixi-memarlıq və mədəniyyət abidələri də ermənilərin təcavüzünə məruz qalmışdır. Onlar bu abidələri ya məhv etmiş, ya da özününküləşdirmək kimi iyrənc siyasət yeritmişlər. Bu faktların dünya ictimaiyyətinə, beynəlxalq qurumlara ardıcıl və inandırıcı şəkildə çatdırılması çox vacibdir. Təqdimatına yığışdığımız kitab bu istiqamətdə atılmış ciddi addımlardan biridir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, filologiya elmləri doktoru Həsən Mirzəyev gərgin axtarışların bəhrəsi olan kitabın əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, bir kitabda Azərbaycan və ingilis dilində nəşr olunmuş əsər hiylə və məkir nəticəsində ermənilərin zaman-zaman ələ keçirdikləri torpaqların məhz xalqımıza aid olduğunu bir daha sübut edir.
Təklif olunmuşdur ki, kitab nüfuzlu beynəlxalq forumlarda, ümumiyyətlə ölkəmizə gələn qonaqlara paylanmaq üçün rus, fransız və ərəb dillərində də çap olunsun, onun mətni Mədəniyyət və Turizm Nazirliyinin internet saytında yerləşdirilsin.
Müəllif Əziz Ələkbərli xoş sözlərə görə minnətdarlığını bildirmiş, mərasim iştirakçılarına təşəkkür etmişdir.
Kitabın redaktorları akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasi, məsləhətçiləri AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, filologiya elmləri doktoru Həsən Mirzəyev, tarix elmləri doktoru Süleyman Məmmədovdur.