SİYASƏT
ERMƏNİSTAN TƏRƏFİ AZƏRBAYCANIN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 8-də saat 22.15-dən və saat 22.45-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Çinari yaşayış məntəqəsinin 4,5 və 1,5 kilometr şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində yerləşən mövqelərini, iyulun 9-da saat 00.30-dan 00.40-dək İcevan rayonunun Parvakaryal yüksəkliyinin şimalında yerləşən mövqelərindən Qazax rayonunun Köhnə Qışlaq kəndi sahəsindəki mövqelərimizi atıcı silahlardan atəşə tutmuşlar. İtki yoxdur. X X X ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Gennadi Korj, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Karel Kratki və Kennet Pikles keçirəcəklər. X X X NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 10-dan 22-dək Ukraynanın Lvov şəhərində “PEACESHİELD 03” çoxmillətli komanda-qərargah təlimi keçiriləcəkdir. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.