SİYASƏT
ERMƏNİ İŞĞALÇILARININ VANDALİZMİ BARƏDƏ MƏLUMAT VERİLƏCƏKDİR
Aprelin 16-17-də Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sosial, təhsil və mədəniyyət məsələləri komitəsinin XX iclası keçiriləcəkdir.
Milli Məclisin regional məsələlər daimi komissiyası sədrinin müavini, adı çəkilən komitənin sədri Şaitdin Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iclasda Qara dəniz regionunda mədəniyyətin inkişafı məsələsi müzakirə olunacaqdır.
Mövzu ilə bağlı komitənin sədri Ş.Əliyev çıxış edəcəkdir. O, həmçinin Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin məhvi ilə bağlı Azərbaycan nümayəndə heyəti adından məruzə edəcəkdir. Məruzədə erməni təcavüzü nəticəsində 500 tarixi-memarlıq abidəsinin və 100-dən artıq arxeoloji abidənin, 22 muzeyin, 4 incəsənət qalereyasının, 927 kitabxananın, 85 musiqi məktəbinin, 4 dövlət teatrının, Zəngilandakı daş abidələr muzeyinin dağıdılması, Xocalıda tunc dövrünün nadir abidəsinin yerlə yeksan edilməsi, ən qədim insan məskənlərindən biri olan Azıx mağarasının silah anbarına çevrilməsi barədə faktlar öz əksini tapacaqdır.