SİYASƏT
“ERMƏNİ SOYQIRIMI” İDDİALARINA TÜRK ALİMLƏRİNİN CAVABI
Türk Tarix Qurumunun ermənilərin “soyqırım” iddiaları ilə əlaqədar apardığı ətraflı araşdırmalar nəticəsində əldə olunmuş bütün rəsmi arxiv sənədləri bu ilin sonunda kitab halında nəşr ediləcəkdir.
Qurumun sədri, professor Yusif Halaçoğlu doqquz ölkədə aparılan təhqiqatlar nəticəsində 1915-ci ildə Osmanlı dövlətində 1 milyon 450 min erməninin öldürülmədiyini, bu insanların Amerika, İngiltərə, Fransa, İsveçrə, Almaniya, Rusiya və İrana köçdüklərinin aşkar edildiyini bildirmişdir. 1915-ci ilə qədər Osmanlı dövlətində yaşamış ermənilərin siyahısı həmin tarixdən sonra yuxarıda adı çəkilən ölkələrə köçmüş ermənilərin siyahısı ilə tutuşdurulmuşdur. Bu ölkələrə köçmüş ermənilərin adları, soyadları mühacirət bürolarının arxivlərindən alınmışdır. Birinci Dünya müharibəsində Osmanlı ordusunda nə qədər erməninin həlak olduğu da araşdırılmışdır. Nəticədə, guya Osmanlı dövlətində “soyqırıma” məruz qalan ermənilərin, əslində, buradan köçdükləri sənədlərlə təsdiq olunmuşdur. Həm də kimin hansı tarixdə, haraya, nə yolla getdiyi bəllidir.
Bununla yanaşı, Türkiyə ərazisində aparılan qazıntılar Birinci Dünya müharibəsi zamanı erməni yaraqlı dəstələrinin ölkənin mülki əhalisinə qarşı necə vəhşiliklər törətdiklərini də aşkara çıxarır. İğdır vilayətinin Gədikli kəndi yaxınlığında, Qars vilayətinin Dirəcik kəndində aparılan qazıntılar nəticəsində 1918-ci ildə 360 nəfər mülki türk vətəndaşının, o cümlədən qocaların və körpə uşaqların erməni daşnakları tərəfindən son dərəcə qəddarlıqla qətlə yetirildiyi təsdiqlənmişdir. Türk Tarix Qurumu və Van şəhərindəki Yüzüncü İl Universiteti tərəfindən aparılmış qazıntılar və onların nəticələri TRT telekanalı vasitəsilə birbaşa yayımlanmışdır. Bunlarda Almaniyanın RDF televiziya kanalının, Assoşieyted Press və AZƏRTAC informasiya agentliklərinin müxbirləri, Azərbaycan, İtaliya, Avstriya, ABŞ və Sudandan tarixçilər də iştirak etmiş, ermənilərin törətdikləri vəhşiliklərin şahidi olmuşlar. Bütün bu materiallar nəşrə hazırlanan kitabda əksini tapacaqdır. Kitab ingilis, fransız, alman dillərinə tərcümə edilərək, dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərinə göndəriləcəkdir.