SİYASƏT
ERMƏNİ TERRORİZMİ HAQQINDA HƏQİQƏTLƏR
AZƏRBAYCAN MEA İNSAN HÜQUQLARI İNSTİTUTU NADİR ENSİKLOPEDİYA NƏŞR ETMİŞDİR
“Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi siyasi-hüquqi qiymətini almalıdır”. Azərbaycan Prezidenti Heydər Əliyevin dediyi bu sözlər respublika MEA İnsan Hüquqları İnstitutunun rus dilində yenicə buraxdığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyanın ana xəttini təşkil edir. Bu sanballı nəşrin ideya müəllifi və elmi rəhbəri institutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayevdir.
Geniş oxucu kütləsinin marağına səbəb olan nəşrin baş rəyçisi akademik Cəlal Əliyev, baş məsləhətçisi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Namiq Abbasov, məsləhətçisi akademik, həmin komissiyanın üzvü Bəkir Nəbiyevdir.
Ensiklopediya erməni terrorunun timsalında beynəlxalq terrorizmi öyrənmək üçün konkret təkliflərdən biridir və onunla daha səmərəli mübarizə aparmaq məqsədi daşıyır.
Kitabda ermənilərin mədəniyyət və incəsənət incilərimizə yiyələnmək üçün etdikləri saxtakarlıqlar, monoetnik respublika yaratmaq istiqamətində atdıqları məkrli addımlar sənədlərin dili ilə ifşa olunur.
Ensiklopediyada toplanmış materiallar sübut edir ki, XX əsrin əvvəllərində Daşnaksutyun erməni terror təşkilatı kommunizm pərdəsi altında çıxış edirdisə, bu gün o, hətta islam pərdəsi altında fəaliyyət göstərməkdən belə çəkinmir. Faktlar göstərir ki, erməni terrorunun qurbanları arasında ingilislər, isveçlər, türklər, yəhudilər, almanlar, azərbaycanlılar, gürcülər, ruslar, fransızlar, ispanlar vardır və deməli, ermənilər beynəlxalq terror şəbəkəsi yaratmışlar.
Siyasi elmlər doktoru Rövşən Mustafayevin ensiklopediyaya yazdığı ön sözdə deyilir: “Ümid etmək istərdik ki, təqdim olunan kitab Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin erməni terrorizmi haqqında həqiqətin geniş ictimaiyyətə çatdırmaq barədə alimlərə müraciətinə cavabdır”.
Ensiklopediyada növbəti ildönümünü bu yaxınlarda kədərlə qeyd etdiyimiz Xocalı soyqırımına da geniş yer verilmişdir. İnsan Hüquqları İnstitutu ekspert şurasının bu barədə tədqiqatını əks etdirən sənəd öz kəskinliyi və obyektivliyi ilə diqqəti cəlb edir.
Erməni terrorizmi haqqında həqiqətləri bütün çılpaqlığı ilə ortaya qoyan bu dəyərli nəşrin araya-ərsəyə gəlməsində minə yaxın mənbədən, o cümlədən xarici, habelə erməni mənbələrindən, arxiv materiallarından, hətta müasir internet saytlarındakı məlumatlardan istifadə olunmuşdur. Əslində bu ensiklopediya respublikamızda beynəlxalq terrorizmlə mübarizənin elmi əsaslarla yeni mərhələsinin başlandığından soraq verir.
Dərin elmi axtarışların məhsulu olan bu kitab təkcə mütəxəssislər üçün nəzərdə tutulmayıb, həm də bütövlükdə cəmiyyəti beynəlxalq terrorizmlə mübarizəyə səfərbər edən sanballı vəsaitdir.