İQTİSADİYYAT


“ERMƏNİ TERRORU BƏŞƏRİ TƏHLÜKƏ TÖRƏDİR” İNTERNET AKSİYASINA BAŞLANILMIŞDIR

AZƏRTAC xəbər verir ki, martın 31-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Erməni terroru təhlükə törədir” adlı internet aksiyasına start verilmişdir.

Əvvəlcə, faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ermənilərin son 200 ildə xalqımızın başına gətirdikləri müsibətlərdən, onların insanlıqdan kənar qəddar əməllərindən, dünyanın uzun illər bu cinayətə biganə yanaşmasından danışmış, xalqımızın ümummilli lideri Heydər Əliyevin martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə Fərmanının əhəmiyyətini diqqətə çarpdırmışdır. Bildirilmişdir ki, aksiyanın keçirilməsindən məqsəd 1998-ci ildən etibarən ölkəmizdə qeyd olunan soyqırımı gününü gənclərin yaddaşında daha da möhkəmləndirmək və dünya ictimaiyyətinin diqqətini erməni terrorçularının xalqımızın başına gətirdikləri qanlı faciələrə yönəltməkdir. Natiq BMM-də keçiriləcək tədbirlə eyni vaxtda Bakıda, müxtəlif şəhər və rayonlarımızda fəaliyyət göstərən əksər internet klublarda gənclərin bu aksiyaya qoşularaq, soyqırımı ilə bağlı ingilis dilində hazırlanmış xüsusi materialları beynəlxalq qurumlara, Avropa ölkələrinin parlament üzvlərinə, ABŞ senatorlarının şəxsi elektron poçt ünvanlarına, xarici KİV-lərə və s. göndərəcəklərini söyləmişdir.

“İrəli” Ümumrespublika Gənclər Hərəkatının həmsədri Elnur Məmmədov və başqaları internet aksiyası barədə məlumatların gənclərin fəal internet qruplarına, KİV-lərə, gənclərin qeyri-hökumət təşkilatlarına, müxtəlif təhsil ocaqlarında fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarına göndərildiyini və aksiyanın gənclər tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Materialların 4 min 500 ünvana göndəriləcəyi vurğulanmışdır.

İntiqam Babayev aksiyaya rəsmi start vermişdir. Materiallar əlifba sırası ilə ilk ölkə olan Avstraliyadakı ünvanlara göndərilməyə başlanmışdır.

Sonda erməni terroru, vəhşilikləri ilə bağlı film nümayiş olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.