SİYASƏT
E.ŞEVARDNADZE: AZƏRBAYCAN GÜRCÜSTANIN ƏN YAXIN DOSTU VƏ XEYİRXAHIDIR
Gürcüstan Prezidenti Eduard Şevardnadze yerli və xarici jurnalistlər üçün növbəti mətbuat konfransını əsasən ötən ilin yekunlarına həsr etmişdir.
Dövlət başçısı 2002-ci ilin yekunlarından, ölkənin qarşılaşdığı ağır iqtisadi və siyasi problemlərdən ətraflı bəhs etdi, Gürcüstan üçün gürcü-abxaz münaqişəsi kimi taleyüklü problemin nizama salınması istiqamətində istər ölkə rəhbərliyi tərəfindən, istərsə də mötəbər beynəlxalq təşkilatların köməyi ilə görülən tədbirlər, aparılan danışıqlar barədə ətraflı məlumat verdi. O, Gürcüstanın NATO ilə əlaqələrindən danışaraq, gələcəkdə ölkəsinin bu alyansa qəbul edilməsinin mümkünlüyünü vurğuladı.
Cənubi Qafqazda vəziyyətə, qonşu ölkələrlə münasibətlərə də toxunan Şevardnadze Bakı-Tbilisi-Ceyhan layihəsindən söz açaraq bildirdi ki, onun həyata keçirilməsi üçün artıq Yaponiyadan Batumi və Poti limanlarına borular gətirilmişdir və Azərbaycana aparılır. Gürcüstan Prezidenti həm bu əsas ixrac neft kəmərinin, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin gələcəkdə regionda təhlükəsizliyin təmin olunmasında əhəmiyyətini diqqətə çatdırdı.
Eduard Şevardnadze Gürcüstanın respublikamızla qarşılıqlı surətdə faydalı münasibətləri üzərində ayrıca dayandı və Azərbaycanı öz ölkəsinin ən yaxın dostu və xeyirxahı adlandırdı. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması marşrutu seçilərkən məhz Gürcüstana üstünlük verdiyinə görə Prezident Heydər Əliyevə çox təzyiqlər olduğunu, lakin yenilməz ifadə sahibi olan bu böyük şəxsiyyətin öz qərarından dönmədiyini xüsusi vurğuladı.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi